Fransız qadının dünyaya gətirdiyi
dahi azərbaycanlı haqqında bilmədiklərimiz
“Ölüm mənim
üçün qorxulu deyil”. Sağlığında verdiyi
müsahibələrinin birində belə demişdi görkəmli
Xalq rəssamı Toğrul Nərimanbəyov. Amma indi qorxulu
olan, ömrünün 83-cü ilində vəfat etmiş rəssamın
meyitinin iki qadının mübahisəsi üzündən 20
gündür ortalıqda qalmasıdır. İkinci həyat
yoldaşı Sevil Nərimanbəyova (Nəcəfzadə) ilə
birinci evlilikdən olan qızı Əsmər Nərimanbəyovanın
mübahisəsi Toğrul Nərimanbəyovun ruhunu narahat etməkdədir
desək, yanılmarıq. Həyat yoldaşı onu Parisdə
dəfn etmək istəyir, qızı isə Bakıda...
Kim idi
Toğrul Nərimanbəyovun əsli-nəsli?
Babası
şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov
çar II Nikolay dövründə
mühacirətdə olub. Kiyevdə dərs deyirmiş.
Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana
qayıdıb və Bakıda qubernator olub. Əmirbəy Nərimanbəyov
Qarabağın tanınmış bəylərindən
sayılırdı.
Əmirbəyin
oğlu Fərman (Toğrulun atası) da Şuşada
doğulub. Azərbaycan Xalq Cümnuriyyəti zamanında
hökumət ölkənin gələcəyi naminə
istedadlı gəncləri xaricə oxumağa göndərəndə
Fərman Nərimanbəyov da Avropaya təhsil almağa gedən
40 nəfər arasında idi.
O, Tuluza
Universitetinin mühəndis – elektrik ixtisasına qəbul
olunub. Təhsil aldığı müddətdə fransız
dilini mükəmməl öyrənən, Avropa mədəni
dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov
bir fransız qızla da tanış olur. Və o, İrma Lya
Rude alı bu dərzi-modelyer xanımla evlənir.
Gənc
ailə xeyli müddət Fransada yaşayıb. Toğrulun
böyük qardaşı Vidadi elə Avropada dünyaya gəlib
– 1926-cı ildə. Sonra onlar Tuluzadan Paris şəhərinə
köçürlər.
1929-cu ildə
Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və
oğlu Vidadi ilə birgə Bakıya qayıdır.
Xanımı və 3 yaşlı oğlu ilə Bakıda yerləşən
Fərman Nərimanbəyov tələbə yoldaşı
olmuş elektrikləşmə naziri İslamzadənin köməyilə
Mingəçevir SES-də işə düzəlir...
1930-cu il
avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin
ikinci oğlu Toğrul dünyaya gəlir.
Elə həmin
il Toğrulun babası Əmirbəy kişi
dünyasını dəyişir.
Avropada təhsil
almış valideynlərinin zəngin mənəvi aləmi
Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli,
mükəmməl formalaşmasına təsir edir.
Tezliklə
Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar
alır. Toğrulun atası o zaman Avropada təhsil
almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz
qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.
Ardınca
1941-ci ildə Fransa vətəndaşlığından
çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs
edilir. Ananı öz balalarından ayırırlar. İrma
xanımı Özbəkistana – Səmərqəndə
sürgün edirlər. Toğrulun anası düz 1961-ci ilə
qədər sürgündə yaşamağa məcbur olur.
Bu ziddiyyətli,
təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar
yaşamaq uğrunda mücadiləni davam etdirirlər.
Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə
daxil olur. 1950-ci ildən isə Litva İncəsənət
İnstitutunda monumental və dəzgah rəssamlığı
fakültəsində təhsil alıb. Eyni vaxtda Vilnüs
Konservatoriyasında klassik vokalı da öyrənməyə
başlayır. Toğrul anası ilə yalnız tələbəlik
illərində Səmərqənddə görüşüb.
Elə
Toğrulun müxtəlif orqanlara etdiyi müraciətləri və
gərgin mübarizəsi sayəsində anasına bəraət
verirlər və o, Bakıya qayıtmağa müvəffəq
olur.
Bir
müddət sonra amnistiyaya düşən atası Fərman
Nərimanbəyov da Sibir sürgünündən vətənə
qayıda bilir.
Uşaqlıqdan
çəkdiyi əziyyətlər, gördüyü ədalətsizliklər
Toğrulun əzmkarlığını daha artırır və
o, yaradıcılıq yolunda həmkarlarından fərqlənərək
daha irəliyə gedə, zirvələrə qalxa bilir. 30
yaşında əməkdar, 33 yaşında isə Xalq rəssamı
adına layiq görülür. 1955-ci ildə keçmiş
SSRİ Rəssamlar Birliyinin üzvü olan Toğrul Nərimanbəyov
bu zaman artıq çoxlu orden və medallara layiq
görülmüşdü.
Sonrakı
illər Toğrulun həyatında yeni səhifələr
açdı və o daha da məşhurlaşdı.
1974-cü ildə dünya şöhrətli bəstəkar
Fikrət Əmirovun “Nəsimi haqqında poema” baletinə
verdiyi tərtibata görə Azərbaycan Dövlət
Mükafatına layiq görüldü. 1980-ci ildə Fikrət
Əmirovun “Min bir gecə” baletinə verdiyi bədii tərtibata
görə ikinci dəfə Dövlət Mükafatı ilə
təltif olundu.
Yüksək
peşəkarlığa malik görkəmli rəssam təsviri
sənətin bütün janrlarında uğurla
çalışaraq uzun illər ərzində dolğun və
səmərəli fəaliyyət göstərib. Onun mənzərə,
portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı
kimi müxtəlif sahələrdə yaratdığı
parlaq əsərlər mövzu və janr rəngarəngliyi,
estetik kamilliyi və özünəməxsus üslubu ilə
səciyyələnib. Nərimanbəyov dünyasını təcəssüm
etdirən bənzərsiz lövhələr Azərbaycan
müasir təsviri sənətinin simasını
formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə
daxil olub.
Hazırda
dünyanın bir çox incəsənət muzeylərində,
fondlarda Azərbaycan rəssamının əsərləri
qorunub saxlanılır. Çexiyada, Rusiyada, Hindistanda, Fransada,
Litvada, ABŞ-da və digər ölkələrdə
Toğrul Nərimanbəyovun sərgiləri keçirilib.
Toğrul
Nərimanbəyovun dediyinə görə, əslən
fransız olan anası İrma Lya Rude də müasir incəsənəti
dərindən bilirdi. Həm rəssamlığı, həm də
modanı. Müsahibələrinin birində anası
haqqında demişdi: “Moskvada Azərbaycan mədəniyyəti
dekadası keçirilirdi. Hələ Stalinin vaxtında.
Bülbül Koroğlu rolunda çıxış edirdi. Anam
Qəmər Almaszadə ilə rəfiqə idi, ona
kostyumları hazırlamaqda köməklik göstərirdi”.
Həyatının
son dayanacağı kimi Azərbaycanı seçən İrma
Lya Rude Bakıda, Yasamal qəbiristanlığında dəfn
olunub. Elə Toğrulun qardaşı, Xalq rəssamı Vidadi
Nərimanbəyov da Yasamal qəbiristanlığında
anasının yanında uyuyur.
Toğrul
Nərimanbəyov iki dəfə ailə qurub. Onun birinci
arvadı heykəltəraş Elmira Hüseynova olub. 1933-cü
il təvəllüdlü Elmira Hüseynova Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini
(1954) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq
və Memarlıq İnstitutunu (1960) bitirib. Heykəltəraşlığın
məişət və portret janrlarında
çalışırdı.
Bu evlilikdən
Toğrul Nərimanbəyovun bir qızı dünyaya gəlib
– Əsmər Nərimanbəyova (o da atası kimi Xalq rəssamıdır,
hazırda Rəssamlıq Akademiyasının dosentidir).
Elmira
Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib.
Görkəmli
rəssam sonradan ikinci dəfə ailə həyatı qurub,
musiqiçi Sevil Nəcəfzadə ilə.
“İkinci
arvadımla Bakıda tanış olmuşam. O, musiqiçidir,
fortepianoda çalır. Bakıda texnikumda oxuyurdu. Mənə
də maraqlı idi, o necə ifa edir. O zaman mən vokal
ifaçılıqla da məşğul olurdum. O isə məni
müşayiət edirdi. O təsviri sənəti sevirdi.
Ümumiyyətlə, incəsənətə maraq göstərirdi.
Bizim ümumi maraqlarımız var idi. Məndən
soruşurlar ki, sizin ən yaxın ürək dostunuz kimdir?
Cavab verirəm ki, kim ola bilər, ancaq Sevil. O mənim ürək
dostumdur. Mən onunla yaradıcı fikirlərimi
bölüşürəm. Onun iradəsi var, məqsədyönlüdür”.
Sağlığında
ikinci həyat yoldaşı barədə danışanda T.Nərimanbəyov
belə demişdi.
Bu evlilikdən
rəssamın bir oğlu doğulub Fransua Nərimanbəyov.
Oğlu Fransua atasının yolunu davam etdirə bilər,
çünki o da rəssamlıqla məşğul olur.
Toğrul
Nərimanbəyov təkcə rəssam deyildi, həm də
opera ifaçısı idi. Onun gözəl bariton səsi var
idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının
əsərlərindən ariyaları peşəkarlıqla ifa
edirdi.
Elə həyat
yoldaşı Sevil Nəcəfzadə T.Nərimanbəyovun
konsertlərinin əsas təşkilatçısı olub.
Bununla yanaşı, Sevil xanım həm də ərinin sərgilərini
təşkil edib.
2000-ci
ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın “İstiqlal”
ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə
təltif edilib. Rəssamın müstəqil Azərbaycanın
ali mükafatları olan “İstiqlal” və “Şərəf”
ordenlərinə layiq görülməsi doğma vətənində
onun sənətinə və şəxsiyyətinə
ehtiramın ifadəsidir. Dövlət ona İçərişəhərdə
emalatxana da vermişdi.
Həmkarları
deyirlər ki, ünlü rəssam həm özünü, həm
də Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq
istəyirdi. Bu məqsədlə o, Azərbaycandan xaricə
köçmüşdü. Əvvəlcə bir neçə
il Amerikada yaşayıb, sonra Fransaya köçüb.
2001-ci ildə
o, Parisdəki qalereya ilə bağladığı müqaviləyə
görə, ilin yarısını burada
çalışmalı idi.
T.Nərimanbəyov ürək xəstəliyindən əziyyət çəkirdi. Ölümündən iki ay qabaq ürəyindən cərrahiyyə əməliyyatı keçirmişdi.
Dahi rəssam 2 iyun 2013-cü ildə Parisdəki Jorj Pompido adına hospitalda vəfat edib.
20 gündür meyiti Parisdəki morqda qalan T.Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyova ilə qızı Əsmər Nərimanbəyovanın mübahisəsinə məhkəmə son qoyub. Fransa məhkəməsi xalq rəssamının həyat yoldaşının istədiyi kimi Parisdə dəfn edilməsinə qərar verib.
“Ölüm mənim üçün qorxulu deyil” deyən rəssamın bir arzusu var idi, heç vaxt gerçəkləşdirə bilməyəcəyi arzu – dədə-baba yurdu Şuşaya getmək: “Mənim babam və atam Şuşadandır. Şuşaya qonaq kimi deyil, oranın sahibi kimi gedəcəyəm...”.
Əfqan QAFARLI
525-ci qəzet.-
2013.- 25 iyun.- S.4.